World Association for Medical Law
                     Welcome!


 

Elmi Proqram Rəhbərinin Salamlaması



23-cü Dünya Tibbi Hüquq Konqresi – 2017

“TİBBİ HÜQUQ, BİOETİKA VƏ MULTİKULTURALİZM”

Assosiasiyamızın 50-illik tarixində Dünya Tibbi Hüquq Konqresi ilk dəfə olaraq Avrasiyanın bu regionunda, Avropanın uzaq şərqində, Orta Asiya ilə kəsişmədə, Qərbin Şərqlə və Şimalın Cənubla birləşdiyi bir yerdə keçiriləcək. Dünyanın ən böyük gölü - Xəzər Dənizinin sahilində müxtəlif ölkə və mədəniyyətlərin nümayəndələri, bir çox tibbi hüquq, bioetika və məhkəmə təbabəti üzrə mütəxəssislər öz bilik və təcrübə mübadiləsini aparmaq, DTHA-nın yeni 50-illik tarixini başlamaq üçün Bakıya toplaşacaqlar. İndiyə dək görüşməyən müxtəlif sivilizasiyalarda çalışan həmkarları bir araya gətirmək üçün bu konqres yaxşı imkandır. Tədbirin gündəliyində tibbi hüquq, sağlamlıq hüququ, bioetika və məhkəmə təbabətinin aktual məsələləri, xüsusilə bu sahələrdə təhsilin inkişafı, ətraf mühitin və biomüxtəlifliyin qorunması, çoxmədəniyyətli və sivilizasiyalararası dialoqu gücləndirilməsi vardır.

Böyük məmnuniyyətlə sizləri Bakının “JW MARIOTT Abşeron” otelində 2017-ci ilin 10-13 iyul tarixlərində keçiriləcək 23-cü Dünya Tibbi Hüquq Konqresində iştirak etməyə dəvət edirik.

23-cü Dünya Tibbi Hüquq Konqresi bir neçə baxımdan əlamətdar hadisə olacaq. İlk növbədə, o, Dünya Tibbi Hüquq Assosiasiyasının 50-ci Qızıl Yubileyini qeyd edəcək ki, bu özü özlüyündə müstəsna bir hadisədir. DTHA 50 il əvvəl, 1967-ci ildə tibbi hüquq, bioetika, məhkəmə təbabəti və əlaqəli sahələrdə ixtisaslaşan bir qrup sadiq alim və mütəxəssis tərəfindən Tibbi Hüquq sahəsində çoxmədəniyyətli və fənnlərarası məsələlərin həlli üçün Belçikada yaradılmışdır.

Digər tərəfdən, 23-cü DTHA Konqresi, ölkəmdə Dünya Konqresi səviyyəsində keçirilən ilk böyük beynəlxalq elmi tədbir olacaq. Son illərdə Bakı Mədəniyyət və İdman sahələrində böyük beynəlxalq tədbirlərin yeri kimi, Multikulturalizm və Tolerantlıq ocağı kimi dünyada tanınır, indi isə ilk dəfə olaraq şəhərimiz elmin bir sahəsi üzrə dünyanın aparıcı ekspertlərini ölkəmizə toplayacaq. Bu da bu hadisəni Azərbaycan elminin tarixində mühüm tarixi bir hadisəyə çevirir və mən də bununla fəxr edirəm.

Nadir coğrafi mövqeydə, Böyük İpək yolunun kəsişməsində müxtəlif sivilizasiyaların arasında yerləşdiyinə görə Azərbaycan qədim tarixə, zəngin mədəniyyətə, təbii sərvətlərə, biomüxtəlifliyə və cəzbedici milli mətbəxə malikdir. Dünyada mövcud olan 11 iqlim zonasından 9-u 6 saat ərzində gəzib dolaşmaq burada mümkündür. Gələn qonaqlar konqresdən əvvəl və sonra yaxınlıqdakı dəniz, çay, meşə, dağ peyzajları ilə əhatə olunan kurortlara ekskursiyalar və turlar təşkil edib zövq ala bilərlər. Biz, öz növbəmizdə, onların buraya səfərini ən yüksək səviyyədə təşkil edilməsində kömək göstərməyə hazırıq.

Ümid edirik ki, siz bu fürsətdən istifadə edəcəksiniz. Bu elmi tədbirin uğurlu olması üçün biz bütün səylərimizi yönəldəcəyik. Sizi 2017-ci ilin iyul ayında Bakıda salamlayacağımızı səbirsizliklə gözləyirik.

Ən xoş arzularla,

t.e.d., hüquqşünas, professor Vüqar Məmmədov

23-cü Dünya Tibbi Hüquq Konqresinin Elmi Proqramının rəhbəri

Dünya Tibbi Hüquq Assosiasiyasının Vitse-prezidenti və Xəzinədarı


© World Association for Medical Law
Powered by Wild Apricot Membership Software